воскресенье, 26 октября 2014 г.

"Çılpaq olmaq".

"Ayaqqabılarımın altı deşik, üstü həmişə boyalı idi". Che Guevara.

Bəli... Bəlkə əlaqəsi yoxdur, amma həmişə hər şeyi örtmək istəyirik.

Allahın qanlı qılıncını qını elə,
İmanımızı Quran ilə,
Namusumuzu çadra ilə,
Günahlarımızı tövbə ilə,
Səhvlərimizi qürurumuzla, mənliyimizlə örtmək istəyirik.
Peşmançılıqlarımızı yeni səhvlərlə,
Gözlərimizi nəfsimizlə,
Vicdanımızı bəhanələrlə,
Hisslərimizi sözlərlə örtmək istəyirik.
Göyü yeddi qat ilə,
Hörülən divarları divar kağızıyla,
Ağaran saçlarımızı boyayla,
Sızanaqlarımızı tonal kremlərlə,
Vərəmli ciyərimizi siqaret tüstüsü ilə,
Ehtirasımızı bakirəlik pərdəsi ilə örtmək istəyirik.

Örtünmək istəmirəm, çılpaq olmaq istəyirəm, hələ ağlamamış körpə kimi,
Lap kəfəni, cəsədi çürümüş torpaq altındakı skelet kimi...



четверг, 10 октября 2013 г.

Susaraq yaşasaq ...
Taxtadan , bəyaz pərdəli , kiçik pəncərəli evimizdə...
Sobası gəncliyimizi sovursa göylərə ...
Şahmat taxtasında məndə bəyaz fiqurlar , qaraya məğlub olsam ...
Tanrının şeytana məğlub olduğu kimi ...
Ruhunu köynəyinlə geyindirsən əynimə ,
Ruhlarımız sevişsə ...
Ehtirası sevgimizlə öldürsək ,
Günahsızlığımıza heyfislənsək ...
Dəyərlər AİDS kimi əngəl olsa ...
Kədərli gözlərinə aldansa , gülən gözlərim...
Külqabıda küllərimiz belə ayrı ...
Siqaretinin dumanının yaratdığı siluetinlə danışıram...


Bəzən   "..." yazmaq  "." yazmaqdan daha asan və aldadıcı olur... 

среда, 8 мая 2013 г.

Şuşanı görmədim.

    Mən Şuşanı görməmişəm, amma insan görmədiyi , doğulmadığı , havasını udmadığı , suyunu içmədiyi torpağı da sevə bilər.Necə ki, heç görmədiyin bir xəstə üçün üzülürsən , necə ki, tanımadığın birinin ac , susuz olduğunu biləndə , boğazından su belə keçmir.
     Bax , bu məğrur , gözəlliyi ilə bütün çirkinliklərə meydan oxuyan Şuşaya "yazıq donu " geyindirmək bizim kimi yazıqlara yaraşardı və biz bu yazıqlığı özümüzə yaraşdırdıq. Biz öz  "yazıq donu"muzu "soyunub" , Şuşaya "geyindirdik". Onu bir yaralı canlını sevdiyimiz kimi sevdik . Acizcəsinə , çarəsizcəsinə...
     Şuşanin işğalı günü , düz iyirmi bir il bundan əvvəl , mənim yeddi yaşım var idi . İki gün əvvəl atam dedi ki , "Şuşa da getdi ". Heç kim inanmadı , ya da inanmaq istəmədik . Iki gün sonra biz atamın dostunun oğlunun ad günündə idik. Hər il bu bir ənənə kimi davam edirdi . Biz hər il 8 May günü Fuadın ad günündə olurduq. Amma bu gündən sonra biz bir də o ad günündə toplaşmadıq .
      Və Şuşanın Işğalı rəsmi açıqlandığı an məclisə bir sükut çökdü . Hamının keyfi pozuldu . Boğazlar qəhərləndi .Şuşaya təcavüz olundu , Şuşa zorlandı , Şuşa ləkələndi . Təcavüz olunan qız kimi ... Nə intiqamı alındı, nə cinayətkar cəzasını çəkdi , nə də intihar edə bildi . Bizim alnımızın ləkəsi oldu .Bizim kimi ləkəli yaşamağa məhkum oldu . Qisasını ala bilmədiyimiz ləkə ...
      Kişilər elə həmin gündən , həmin ad günü masasından  "Şuşanın Işğalının şərəfinə" içməyə başladılar.  Bəli bu cümlədə sarkazm var . Çünki , biz düz iyirmi bir ildi "Şuşanın Işğalının şərəfinə " içirik.
     Şuşa bizi " yandırır" ...  Amma maketini düzəldib , Ulu Öndərə  hədiyyə verəcək dərəcədə... 

воскресенье, 5 мая 2013 г.

"Ağıllı -dəli " .

   Hər məhəllənin bir dəlisi olur deyirlər. Bizim məhəllənin də dəli deməyə dilim gəlmir, əqli çatışmazlığı olan bir sakini var . Onun adı Anardı , amma hamı ona Anuş deyir. Anuşun maraq dairəsi onun dərrakəsinə uyğun olaraq qıtdı. Məhəllədə kimi görür belə bir sual verir : " Sən bilərsən , Aynali Tahir kinosu var idiye onu nöş kəsdilər ? Ala əntiqə kino idiye içində Ebru Gündeş də var idi " ; " Süzdə Tatlısəs kaset var ? " Anuş köhnə video kasetlərinə Tatlısəs kaset , CD və DVD disklərə isə "diksi" deyir .
   Bir dəfə mənə  rast gəldi və " Günel, eşşək kimi yeyirik , zibili də mənə atdırırlar " dedi . Və onun "porno diksilər"ə  marağı bütün məhəllənin gülüş obyektinə çevrilib. Guya özləri heç baxmır . Bunları bura yazmağımın səbəbi Anuşu sizə tanıtdırmaq deyil təbii ki ...
    Deməli , özünü Anuşdan fərqli hesab edən bəzi insanların da maraq dairəsi elə Anuşun maraq dairəsinə bənzərdi .Bizim bəzi gənclərimiz də "Aynalı Tahir" tipli türk seriallarına baxmırmı ? Ən yaxşı halda Ebru Gündeşə qulaq asmırmı ? 90 -cı illərdə demək olar ki , hamının evində İbrahim Talısəsin filmlərinin , kliplərinin video kasetləri yox idimi ? Əlinə imkan düşən kimi porno izləmək həvəsinə düşmürlərmi ? Bizim yemək mədəniyyətimiz elə Anuş deyən kimi deyilmi  ..?
     Bəzilərimizi Anuşdan fərqləndirən sadəcə bunları gizlətmək bacarığıdı. Anuş özü də bilmədən , dərk etmədən öz "Aynali Tahir"i ilə , Ebru Gündeşi ilə "Tatlısəs kaset " i ilə  bizim  bəzi gənclərin sırasına qoşula  bilib.
     P.S Amma Anuş bizim " ağıllılar" ımızdan fərqli olaraq Üzeyir Mehdizadəni  tanımır . İndi adam çaş -baş qalır ki ,  görəsən "ağıllı" olduğu üçün tanımır , ya "dəli " olduğu üçün ..? 

четверг, 25 апреля 2013 г.


"Dissident gənclik."


   Gənc deyəndə insanın gözündə heç kimlə razılaşmayan , öz fikri olan , necə deyərlər haqqlı oldu ,olmadı  öz dediyini yeridən , özünü , hisslərini , şəxsiyyətini etdiyi səhvlərdən çıxardığı nəticələrlə formalaşdıran bir insan canlanır. Son vaxtlar cəmiyyətdə baş verən olumsuzluqlara  vətəndaş mövqeyini yüksək səslə deyən " dissident gənclər" ə qarşı mənfi fikir formalaşıb. Əslində həmişə mənfi fikir olub onlara qarşı . Biz həmişə sovet dövründə repressiyaya məruz qalmayan ədiblərə ironiya ilə yanaşırıq və səbəbləri də məlumdur . İndi nə oldu bizə ? Niyə indiki üsyankar gənclərə , yazarlara , şairlərə yanaşmamız birmənalı deyil ? Düzdü indi bəlkə Hüseyn Cavid səviyyəsində sənətkarlarımız yoxdu , amma nə etməli olanımız budur  hələki ...
     Xalqların tarixi vərəqlərkən qururlandığı tarixlər əsasən inqilablar , iri miqyaslı cərəyanlar olur. Bu o millətin nə dərəcədə cəsarətli olduğunu  göstərən amillərdən biridir. Bizim də tariximizdə qururlanacağımız tarixlərimiz var 28 May ,  20 yanvar kimi ...(Bəs biz bu qurbanlardan sonra  nə qazandıq ? Hündür binalardan , kanalizasiyasız yollardan , düşük kanallardan , " tin təfəkkürü"ndən  başqa hələki heç nə ... ) Ədəbiyyatımızda da Axundov kimi , Mirzə Cəlil kimi , Sabir kimi Cabbarlı kimi böyük şəxsiyyətlərimiz var , amma zəmanəmizin və bizdən əvvəlki nəsillərin təfəkküründə böyük bir dəyişiklik olmadığı üçün bizim milləti nə ədəbi renessansın , nə də siyasi çevrilişin dəyişəcəyinə inanmaq çətindir .
      Bəziləri özünü dissident  adlandıran gənclərin haqqında  deyir " bunlar xaricdən maliyyələşirlər , xaricə qaçmaq istəyirlər " . Bilirik ki , özbaşına inqilab olmur . Nə bura Fransadı , nə də biz fransız . Rahat olun burda inqilab olan deyil. İmkan verin heç olmasa, gələcəkdə bu cür  " simvolik nümayişlər" lə , bəxtimiz gətirsə , " sandıq ədəbiyyatı" ilə " fəxr "edək .
       Həqiqətən bu mitinqlərin səviyyəsi o qədər aşağı olur ki , onlar "simvolik" təəssüratı bağışlayır . Təbii ki , həbslərin ciddiyətini görənə qədər ." Əsgər ölümlərinə son "aksiyası siyasi deyildi . Bu mitinqə istər müxalif fikirli gənclər , istərsə də iqtidar yönümlü gənclər polis  qarışıq hamı qoşulmalı idi . Biz bir xalq olaraq siyasəti də bir kənara qoyaraq , heç yüzlərlə müəmmalı şəkildə ölən əsgərlərin yox , heç olmasa Ceyhun Qubadovun , sadəcə bir əsgərin davasını Səfər Əbiyevlə etməli idik.   Amma olmadı , nə də olmayacaq .Çünki bizim gənclərimizin əksəriyyəti əlində telefon gic -gic meyxanalara qulaq asmaqdan , "qız tutmaq" dan , " hökümətlə hökümətlik etmək olmaz " deyimini əzbərləməkdən ( əgər ümumiyyətlə hökümət yadlarına düşürsə ) başqa heç nə bilmirlər . Amma hansı obyektin kimə məxsus olduğunu , o obyektin ayda təxminən nə qədər gəlir gətirdiyini , nazirlərin pulunu saymağı yaxşı bilirlər . Bizim gənclərimiz heç dissident sözünü də  bilmirlər . Onlar sadəcə anası "get evə çörək al " deyəndə "eee mən getmirəm " deyib ,"dissident" olurlar .
      Səssiz qalmağın  da bir cox səbəbləri var . Məsələn : dubinka qorxusu , iş yerini itirmək qorxusu , balaca bir obyektinin əlindən çıxmasından qorxmaq ,  bir tikə çörək yeninin əlindən alinmasından ehtiyatlanmaq və s...
      Bəzilərinin ürəyində yanan şam işığı sadəcə öz boşqabındakı yeməyi görməyə imkan verir , bəzilərinin ürəyində yanan məşəl bütün boş qabları görməyə və o boş qabların da dolması üçün mübarizə aparmağa imkan verir. Odur ki, gənclik ürəyindəki şamın üstünə o satılan nöyütdən töküb, alovlandırsın gərək.

     Heç olmasa gələcəkdə hər veriləni yeyən , yaltaq , hakimiyyətlə hər mövzuda razılaşan , hər şeyin "ideal" olduğunu qəbul edən, rəzil gənclər kimi xatırlanmayaq . Bu gün heç də hər şeyin yaxşı olmadığını xələflərimiz bizdən yaxşı biləcəklər . İmkan verin az da olsa , yalan  , qeyri -səmimi  hesab edilsə də , öz etirazlarını bildirsinlər . Tarixin səhifələrinə fərqlilik qatsınlar . Dissident  olsunlar . Gənclərimiz daxillərindəki üsyanı qonşunu bıçaqlamaqla , qadınlara təcavüz etməklə yatırmasınlar . İctimaiyyət  olaraq heç kimi mitinqə getdiyinə görə qınamağa haqqımız yoxdur . Hər kəsin öz etiraz metodları olur . İntellektdən asılı olaraq. Təki bütün gəncliyimiz mitinqlərə , nümayişlərə çıxa biləcək intellektə malik olsunlar .
        P.S Bizim hakimiyyətin bu nümayişlərdən heç tükü də tərpənmir çünki , öz malını yaxşı tanıyır və öz müxalifətsizliyi  ilə qürur duyur .
 
 
       

среда, 17 апреля 2013 г.

   "Mən necə romantik oldum." 

 Hamının romantikadan dəm vurduğu bir vaxtda bəlkə mən də romantik oldum . Amma mənim romantikam şam yeməyində ətirli şamlar yandırıb , qara paltar geyinib  , bifşteksle qırmızı sərab icib , tango oynamaq deyil. Yəni cox qızın xeyalındaki romantika ilə heç bir əlaqəsi yoxdu .
     Təsəvvür edirəm : Sevgilimin gözündə "Tisheydy " , əynində üstündə Che Guevaranın şəkli olan T-Shirt , Ripped Jeans şalvar .  Mənim əynimdə çəhrayı üstündə mavi çöl gülləri olan mini  paltar və qısa jeans pencək , boynumda mavi uzun şərf , menim də gözümdə "Tisheydy " eynək . Yer Amerika. Və biz onun qırmızı üstüaçıq 1985 ci il buraxılışı Ford Mustangına minib , Golden Gate Bridge yolunda " sonsuzluğa yolculuk " edirik . Küren qıvrım saçlarım mavi şərfime dolaşaraq havada uçuşur . Fonda Bob Marley , Eaglas ... bəh bəh :)
      Və gecəni keçirmək üçün bir Motelin qarşısında dayanırıq . Maşının yük yerindən bir səs eşidilir . Açıb nə görsək yaxşıdı ..? Bir Bicbala əlində bir torba ve laqonda düşür  " sizin romantikanızın yaxşı bəhər verməsi üçün vətəndən qoyun peyini gətirdim , gələcekdə sizin kimi romantiklərin ürəklərindəki şeytanı mələyə çevirərək yaxşı sevişmələri üçün bu Moteli söküb, yerində "Xilaskar Parkı " tikəciyem "   deyib ,peyini  tökür romantikamızın dibinə . Belə...
     P.S Əslində romantik olmaq üçün insanın güclü fantaziyası olmalıdı. Ya da qoç , balıq bürcü olmalısan .Nəisə... Kobud səslənsə də ,biraz gopçu olmaq lazımdı. Amma Tango da pis deyil . :)

    

четверг, 28 марта 2013 г.


Əvvəllər 

   Əvvəllər- bu sözü valideynləri SSRİ də yaşayan bütün gənclər gündə ən azı bir dəfə eşidir. Bəzilərimiz buna heç əhəmiyyət vermirik və "keçmiş" adamların söhbətlərinə çox vaxt qulaq asmaqda maraqlı olmuruq. Amma hərdən adama elə gəlir ki , ata anamızın bizə "əvvəllər" dediyi o sözü biz öz övladlarımıza deyə bilməyəcəyik. Onlar " əvvəllər kinoteatrlara kino gələndə hamımız bir nəfər kimi ailəvi kinoya gedirdik " , " əvvəllər bir kitab çıxanda əl -əl gəzirdi , bir-birimizə bir gecəlik verirdik kitabları ", "əvvəllər ən kasıb ailənin uşağı da tətillərdə kurorta gedə bilirdi " ,  "əvvəllər rayondan gənclər Bakıya ancaq oxumaq üçün gəlirdilər "  , "əvvəllər ictimai nəqliyyatda qızlara sataşmırdılar ", "əvvəllər din qadağan olunsa da , insanlar namaz qılmasa da Allaha daha cox bağlı idilər" deyirlər.  Ən çox , həsrətlə dedikləri isə "əvvəllər Moskva bizim paytaxtımız idi " olur. Siyahını uzatmaq olar , amma yadıma bir şey düşdü onu deyim.
     Nənəm 16 yaşı olanda Bakıya ərə gəlib və qaynanası onu bütün teatr tamaşalarına , operalara əlindən tutub , aparıb , maarifləndirib.
    İndi bizim yaşadığımız dövrün "əvvəllər" i nə ola bilər ? Yadıma düşənləri yazım , sonra övladlarıma deməsəm də ... Yaşadıqlarımızı bəzən danışmaq , bəzən də sadəcə xatırlamaq üçün yaddaşımıza yazırıq .

       Məsələn : " əvvəllər teatrlara gedənlərə gülürdülər , teatra gedənlər də Məleykəyə gülürdü rolu ağlamalı olsa da , çünki aktrisalıqdan xəbəri belə yox idi "  , "əvvəllər kitab oxuyana dəli kimi baxırdılar ( pul qazanmağın yolunun kitablarda olmadını bildikləri və ya düşündükləri üçün )" , " əvvəllər kasıb ailənin uşaqları Biləcəridən kənara çıxa bilmirdi " , " əvvəllər gənclər rayondan tikintidə işləməyə gəlirdilər , sonra da pullarını ala bilməyib , kor -peşman , əli bir yerindən uzun yolda, avtobusda Coşqun Rafaelə baxa -baxa , İbrahim Tatlısəsə qulaq asa -asa rayona qayıdardılar " , " əvvəllər avtobusda buğu burma pəzəvənglər basa -basda özlərini qızların üstünə yıxardılar " , " əvvəllər namaz coxları üçün ərə getmək üçün vasitə , alverçilər üçün and yeri idi ",  " əvvəllər oğlanlar maşının pəncərəsini açıb , var gücü ilə  telefon nömrəsini qışqırardı " , "əvvəllər də Bakı bizim paytaxtımız idi , amma çox heyif ki , İcra Başçısı Hacıbala idi ". 

     P.S Çox ümid edirəm , çox istəyirəm ki , mənim bu saydıqlarımdan gələcək nəsillər xəbər tutmasınlar. Bunların hamısı bizim aramızda bir sirr kimi qalsın. Necə ki , ata -analarımız bizə yalnız keçmişin yaxşı xatirələrini danışırlar . Bəlkə də onların yaxşı xatirələri bizimkilərdən daha çoxdu ona görə ... Gələcəyə dair xatirələr istər istəməz yaddaşımıza həkk olunur ya danışmaq , ya da xatırlamaq üçün ... Ümid var ki, danışdıqlarımız xatırladıqlarımızdan çox olacaq ?!