четверг, 28 марта 2013 г.


Əvvəllər 

   Əvvəllər- bu sözü valideynləri SSRİ də yaşayan bütün gənclər gündə ən azı bir dəfə eşidir. Bəzilərimiz buna heç əhəmiyyət vermirik və "keçmiş" adamların söhbətlərinə çox vaxt qulaq asmaqda maraqlı olmuruq. Amma hərdən adama elə gəlir ki , ata anamızın bizə "əvvəllər" dediyi o sözü biz öz övladlarımıza deyə bilməyəcəyik. Onlar " əvvəllər kinoteatrlara kino gələndə hamımız bir nəfər kimi ailəvi kinoya gedirdik " , " əvvəllər bir kitab çıxanda əl -əl gəzirdi , bir-birimizə bir gecəlik verirdik kitabları ", "əvvəllər ən kasıb ailənin uşağı da tətillərdə kurorta gedə bilirdi " ,  "əvvəllər rayondan gənclər Bakıya ancaq oxumaq üçün gəlirdilər "  , "əvvəllər ictimai nəqliyyatda qızlara sataşmırdılar ", "əvvəllər din qadağan olunsa da , insanlar namaz qılmasa da Allaha daha cox bağlı idilər" deyirlər.  Ən çox , həsrətlə dedikləri isə "əvvəllər Moskva bizim paytaxtımız idi " olur. Siyahını uzatmaq olar , amma yadıma bir şey düşdü onu deyim.
     Nənəm 16 yaşı olanda Bakıya ərə gəlib və qaynanası onu bütün teatr tamaşalarına , operalara əlindən tutub , aparıb , maarifləndirib.
    İndi bizim yaşadığımız dövrün "əvvəllər" i nə ola bilər ? Yadıma düşənləri yazım , sonra övladlarıma deməsəm də ... Yaşadıqlarımızı bəzən danışmaq , bəzən də sadəcə xatırlamaq üçün yaddaşımıza yazırıq .

       Məsələn : " əvvəllər teatrlara gedənlərə gülürdülər , teatra gedənlər də Məleykəyə gülürdü rolu ağlamalı olsa da , çünki aktrisalıqdan xəbəri belə yox idi "  , "əvvəllər kitab oxuyana dəli kimi baxırdılar ( pul qazanmağın yolunun kitablarda olmadını bildikləri və ya düşündükləri üçün )" , " əvvəllər kasıb ailənin uşaqları Biləcəridən kənara çıxa bilmirdi " , " əvvəllər gənclər rayondan tikintidə işləməyə gəlirdilər , sonra da pullarını ala bilməyib , kor -peşman , əli bir yerindən uzun yolda, avtobusda Coşqun Rafaelə baxa -baxa , İbrahim Tatlısəsə qulaq asa -asa rayona qayıdardılar " , " əvvəllər avtobusda buğu burma pəzəvənglər basa -basda özlərini qızların üstünə yıxardılar " , " əvvəllər namaz coxları üçün ərə getmək üçün vasitə , alverçilər üçün and yeri idi ",  " əvvəllər oğlanlar maşının pəncərəsini açıb , var gücü ilə  telefon nömrəsini qışqırardı " , "əvvəllər də Bakı bizim paytaxtımız idi , amma çox heyif ki , İcra Başçısı Hacıbala idi ". 

     P.S Çox ümid edirəm , çox istəyirəm ki , mənim bu saydıqlarımdan gələcək nəsillər xəbər tutmasınlar. Bunların hamısı bizim aramızda bir sirr kimi qalsın. Necə ki , ata -analarımız bizə yalnız keçmişin yaxşı xatirələrini danışırlar . Bəlkə də onların yaxşı xatirələri bizimkilərdən daha çoxdu ona görə ... Gələcəyə dair xatirələr istər istəməz yaddaşımıza həkk olunur ya danışmaq , ya da xatırlamaq üçün ... Ümid var ki, danışdıqlarımız xatırladıqlarımızdan çox olacaq ?!



Комментариев нет:

Отправить комментарий