четверг, 25 апреля 2013 г.


"Dissident gənclik."


   Gənc deyəndə insanın gözündə heç kimlə razılaşmayan , öz fikri olan , necə deyərlər haqqlı oldu ,olmadı  öz dediyini yeridən , özünü , hisslərini , şəxsiyyətini etdiyi səhvlərdən çıxardığı nəticələrlə formalaşdıran bir insan canlanır. Son vaxtlar cəmiyyətdə baş verən olumsuzluqlara  vətəndaş mövqeyini yüksək səslə deyən " dissident gənclər" ə qarşı mənfi fikir formalaşıb. Əslində həmişə mənfi fikir olub onlara qarşı . Biz həmişə sovet dövründə repressiyaya məruz qalmayan ədiblərə ironiya ilə yanaşırıq və səbəbləri də məlumdur . İndi nə oldu bizə ? Niyə indiki üsyankar gənclərə , yazarlara , şairlərə yanaşmamız birmənalı deyil ? Düzdü indi bəlkə Hüseyn Cavid səviyyəsində sənətkarlarımız yoxdu , amma nə etməli olanımız budur  hələki ...
     Xalqların tarixi vərəqlərkən qururlandığı tarixlər əsasən inqilablar , iri miqyaslı cərəyanlar olur. Bu o millətin nə dərəcədə cəsarətli olduğunu  göstərən amillərdən biridir. Bizim də tariximizdə qururlanacağımız tarixlərimiz var 28 May ,  20 yanvar kimi ...(Bəs biz bu qurbanlardan sonra  nə qazandıq ? Hündür binalardan , kanalizasiyasız yollardan , düşük kanallardan , " tin təfəkkürü"ndən  başqa hələki heç nə ... ) Ədəbiyyatımızda da Axundov kimi , Mirzə Cəlil kimi , Sabir kimi Cabbarlı kimi böyük şəxsiyyətlərimiz var , amma zəmanəmizin və bizdən əvvəlki nəsillərin təfəkküründə böyük bir dəyişiklik olmadığı üçün bizim milləti nə ədəbi renessansın , nə də siyasi çevrilişin dəyişəcəyinə inanmaq çətindir .
      Bəziləri özünü dissident  adlandıran gənclərin haqqında  deyir " bunlar xaricdən maliyyələşirlər , xaricə qaçmaq istəyirlər " . Bilirik ki , özbaşına inqilab olmur . Nə bura Fransadı , nə də biz fransız . Rahat olun burda inqilab olan deyil. İmkan verin heç olmasa, gələcəkdə bu cür  " simvolik nümayişlər" lə , bəxtimiz gətirsə , " sandıq ədəbiyyatı" ilə " fəxr "edək .
       Həqiqətən bu mitinqlərin səviyyəsi o qədər aşağı olur ki , onlar "simvolik" təəssüratı bağışlayır . Təbii ki , həbslərin ciddiyətini görənə qədər ." Əsgər ölümlərinə son "aksiyası siyasi deyildi . Bu mitinqə istər müxalif fikirli gənclər , istərsə də iqtidar yönümlü gənclər polis  qarışıq hamı qoşulmalı idi . Biz bir xalq olaraq siyasəti də bir kənara qoyaraq , heç yüzlərlə müəmmalı şəkildə ölən əsgərlərin yox , heç olmasa Ceyhun Qubadovun , sadəcə bir əsgərin davasını Səfər Əbiyevlə etməli idik.   Amma olmadı , nə də olmayacaq .Çünki bizim gənclərimizin əksəriyyəti əlində telefon gic -gic meyxanalara qulaq asmaqdan , "qız tutmaq" dan , " hökümətlə hökümətlik etmək olmaz " deyimini əzbərləməkdən ( əgər ümumiyyətlə hökümət yadlarına düşürsə ) başqa heç nə bilmirlər . Amma hansı obyektin kimə məxsus olduğunu , o obyektin ayda təxminən nə qədər gəlir gətirdiyini , nazirlərin pulunu saymağı yaxşı bilirlər . Bizim gənclərimiz heç dissident sözünü də  bilmirlər . Onlar sadəcə anası "get evə çörək al " deyəndə "eee mən getmirəm " deyib ,"dissident" olurlar .
      Səssiz qalmağın  da bir cox səbəbləri var . Məsələn : dubinka qorxusu , iş yerini itirmək qorxusu , balaca bir obyektinin əlindən çıxmasından qorxmaq ,  bir tikə çörək yeninin əlindən alinmasından ehtiyatlanmaq və s...
      Bəzilərinin ürəyində yanan şam işığı sadəcə öz boşqabındakı yeməyi görməyə imkan verir , bəzilərinin ürəyində yanan məşəl bütün boş qabları görməyə və o boş qabların da dolması üçün mübarizə aparmağa imkan verir. Odur ki, gənclik ürəyindəki şamın üstünə o satılan nöyütdən töküb, alovlandırsın gərək.

     Heç olmasa gələcəkdə hər veriləni yeyən , yaltaq , hakimiyyətlə hər mövzuda razılaşan , hər şeyin "ideal" olduğunu qəbul edən, rəzil gənclər kimi xatırlanmayaq . Bu gün heç də hər şeyin yaxşı olmadığını xələflərimiz bizdən yaxşı biləcəklər . İmkan verin az da olsa , yalan  , qeyri -səmimi  hesab edilsə də , öz etirazlarını bildirsinlər . Tarixin səhifələrinə fərqlilik qatsınlar . Dissident  olsunlar . Gənclərimiz daxillərindəki üsyanı qonşunu bıçaqlamaqla , qadınlara təcavüz etməklə yatırmasınlar . İctimaiyyət  olaraq heç kimi mitinqə getdiyinə görə qınamağa haqqımız yoxdur . Hər kəsin öz etiraz metodları olur . İntellektdən asılı olaraq. Təki bütün gəncliyimiz mitinqlərə , nümayişlərə çıxa biləcək intellektə malik olsunlar .
        P.S Bizim hakimiyyətin bu nümayişlərdən heç tükü də tərpənmir çünki , öz malını yaxşı tanıyır və öz müxalifətsizliyi  ilə qürur duyur .
 
 
       

Комментариев нет:

Отправить комментарий