Şuşanı görmədim.
Mən Şuşanı görməmişəm, amma insan görmədiyi , doğulmadığı , havasını udmadığı , suyunu içmədiyi torpağı da sevə bilər.Necə ki, heç görmədiyin bir xəstə üçün üzülürsən , necə ki, tanımadığın birinin ac , susuz olduğunu biləndə , boğazından su belə keçmir.Bax , bu məğrur , gözəlliyi ilə bütün çirkinliklərə meydan oxuyan Şuşaya "yazıq donu " geyindirmək bizim kimi yazıqlara yaraşardı və biz bu yazıqlığı özümüzə yaraşdırdıq. Biz öz "yazıq donu"muzu "soyunub" , Şuşaya "geyindirdik". Onu bir yaralı canlını sevdiyimiz kimi sevdik . Acizcəsinə , çarəsizcəsinə...
Şuşanin işğalı günü , düz iyirmi bir il bundan əvvəl , mənim yeddi yaşım var idi . İki gün əvvəl atam dedi ki , "Şuşa da getdi ". Heç kim inanmadı , ya da inanmaq istəmədik . Iki gün sonra biz atamın dostunun oğlunun ad günündə idik. Hər il bu bir ənənə kimi davam edirdi . Biz hər il 8 May günü Fuadın ad günündə olurduq. Amma bu gündən sonra biz bir də o ad günündə toplaşmadıq .
Və Şuşanın Işğalı rəsmi açıqlandığı an məclisə bir sükut çökdü . Hamının keyfi pozuldu . Boğazlar qəhərləndi .Şuşaya təcavüz olundu , Şuşa zorlandı , Şuşa ləkələndi . Təcavüz olunan qız kimi ... Nə intiqamı alındı, nə cinayətkar cəzasını çəkdi , nə də intihar edə bildi . Bizim alnımızın ləkəsi oldu .Bizim kimi ləkəli yaşamağa məhkum oldu . Qisasını ala bilmədiyimiz ləkə ...
Kişilər elə həmin gündən , həmin ad günü masasından "Şuşanın Işğalının şərəfinə" içməyə başladılar. Bəli bu cümlədə sarkazm var . Çünki , biz düz iyirmi bir ildi "Şuşanın Işğalının şərəfinə " içirik.
Şuşa bizi " yandırır" ... Amma maketini düzəldib , Ulu Öndərə hədiyyə verəcək dərəcədə...