четверг, 28 марта 2013 г.


Əvvəllər 

   Əvvəllər- bu sözü valideynləri SSRİ də yaşayan bütün gənclər gündə ən azı bir dəfə eşidir. Bəzilərimiz buna heç əhəmiyyət vermirik və "keçmiş" adamların söhbətlərinə çox vaxt qulaq asmaqda maraqlı olmuruq. Amma hərdən adama elə gəlir ki , ata anamızın bizə "əvvəllər" dediyi o sözü biz öz övladlarımıza deyə bilməyəcəyik. Onlar " əvvəllər kinoteatrlara kino gələndə hamımız bir nəfər kimi ailəvi kinoya gedirdik " , " əvvəllər bir kitab çıxanda əl -əl gəzirdi , bir-birimizə bir gecəlik verirdik kitabları ", "əvvəllər ən kasıb ailənin uşağı da tətillərdə kurorta gedə bilirdi " ,  "əvvəllər rayondan gənclər Bakıya ancaq oxumaq üçün gəlirdilər "  , "əvvəllər ictimai nəqliyyatda qızlara sataşmırdılar ", "əvvəllər din qadağan olunsa da , insanlar namaz qılmasa da Allaha daha cox bağlı idilər" deyirlər.  Ən çox , həsrətlə dedikləri isə "əvvəllər Moskva bizim paytaxtımız idi " olur. Siyahını uzatmaq olar , amma yadıma bir şey düşdü onu deyim.
     Nənəm 16 yaşı olanda Bakıya ərə gəlib və qaynanası onu bütün teatr tamaşalarına , operalara əlindən tutub , aparıb , maarifləndirib.
    İndi bizim yaşadığımız dövrün "əvvəllər" i nə ola bilər ? Yadıma düşənləri yazım , sonra övladlarıma deməsəm də ... Yaşadıqlarımızı bəzən danışmaq , bəzən də sadəcə xatırlamaq üçün yaddaşımıza yazırıq .

       Məsələn : " əvvəllər teatrlara gedənlərə gülürdülər , teatra gedənlər də Məleykəyə gülürdü rolu ağlamalı olsa da , çünki aktrisalıqdan xəbəri belə yox idi "  , "əvvəllər kitab oxuyana dəli kimi baxırdılar ( pul qazanmağın yolunun kitablarda olmadını bildikləri və ya düşündükləri üçün )" , " əvvəllər kasıb ailənin uşaqları Biləcəridən kənara çıxa bilmirdi " , " əvvəllər gənclər rayondan tikintidə işləməyə gəlirdilər , sonra da pullarını ala bilməyib , kor -peşman , əli bir yerindən uzun yolda, avtobusda Coşqun Rafaelə baxa -baxa , İbrahim Tatlısəsə qulaq asa -asa rayona qayıdardılar " , " əvvəllər avtobusda buğu burma pəzəvənglər basa -basda özlərini qızların üstünə yıxardılar " , " əvvəllər namaz coxları üçün ərə getmək üçün vasitə , alverçilər üçün and yeri idi ",  " əvvəllər oğlanlar maşının pəncərəsini açıb , var gücü ilə  telefon nömrəsini qışqırardı " , "əvvəllər də Bakı bizim paytaxtımız idi , amma çox heyif ki , İcra Başçısı Hacıbala idi ". 

     P.S Çox ümid edirəm , çox istəyirəm ki , mənim bu saydıqlarımdan gələcək nəsillər xəbər tutmasınlar. Bunların hamısı bizim aramızda bir sirr kimi qalsın. Necə ki , ata -analarımız bizə yalnız keçmişin yaxşı xatirələrini danışırlar . Bəlkə də onların yaxşı xatirələri bizimkilərdən daha çoxdu ona görə ... Gələcəyə dair xatirələr istər istəməz yaddaşımıza həkk olunur ya danışmaq , ya da xatırlamaq üçün ... Ümid var ki, danışdıqlarımız xatırladıqlarımızdan çox olacaq ?!



воскресенье, 17 марта 2013 г.

"Xalqımın toy kimi bir adəti var . "
                                                  ("Bəyin oğurlanması" filmindən.)

     Bütün xalqların toy kimi bir adəti olur . Əsas o toylardakı adətlərdir. Belə bir deyim var: " Bir var yaxşı kino , bir var pis kino , bir de var Azərbaycan kinosu " (müəllifi yadımda deyil ). Bu deyimi elə bizim toylarımıza da şamil etmək olar . Yaxşı toy - mənimçün bir dəfə uşaq vaxtı olduğum ukrain toyudu heleki    , pis toy isə türk toyu . Öz toylarımız haqqında isə yaşımın verdiyi imkan daxilində gördüklərimi deyə bilərəm. Beləki , bizdə bir oğlanın evlənmə prosesinin xronoloji ardıcıllığı təxminən belə olur :
     1. Filankəsin oğlu evlənmək istəyir deyə nəsildə səs çıxır . Nəslin bütün qaş almayan ismətli qızları "dayanır startda ". Oğlana bir -bir qızların şəkilləri göstərilir və bu "mərasim"ə Qız bəyənmə  deyilir .Sonra xəbər göndərmə,kiçik elçilik , böyük elçilik , kiçik nişan , böyük nişan ( nəhayət oğlan qızı həyatda görür ) bayramlıq ... xınayaxdı , toy axşamı və toy .
      90 cı illərdə yadıma gəlir əsasən rayon toylarında təqribən bir ay əvvəl bilinirdi ki , kiminsə həyətində toy olacaq . Darvazaya böyük bir qırmızı şal vururdular , qapı səhərdən axşama kimi açıq olurdu ,toy yiyəsi bütün mehriban olan qohumlarla məsləhət edirdi. Toy axşamı kişilər cız-bız yeyib , qumar oynayırdılar. Əri qumarda uduzan arvadların da əsəbdən sifətləri pörtürdü. Toy günü birinci iş xalçanin üstünə pambıqla "Toyunuz Mübarək !" yazmaq və  gəlini gətirib, öz bəzəkli otağında otuzdurmaq idi. Hərə öz imkanı daxilində "bərk gedən müğənni" gətirirdi . Bəyin atasından , yaxın qohumlardan " qazanaçdı xələti " , " çay süzdü xələti " alınırdı və yemək - içmək başlayırdı. Gəlinin bütün refiqələri bəyin əsəbi hopstop oynayan, min bir əziyyətlə qazandığı pulları şabaş eləməklə özünü göstərən  dostlarına pencərədən , nə bilim mağarın deşiyindən baxıb, köks ötürürdülər. Gecə bəyi sağdışı , soldışı ilə bir yerdə mağarın  düz ortasında otuzdurub Bəy Tərifi edirdilər. Qohum arvadları bəyin boynunu "çarşamba pazarı" na çevirirdilər . Fəndgir müğənni də toyda məmə deyəndən pəpə deyənə hamıdan xələt istəyirdi .
           " Kolun dibindən çıxdı donuz potası , gəlsin xələt versin bəyin atası . " ( Olmuş söhbətdi .) Və ən nəhayət dava ...
       Qapıdan girəndə ayağının altındakı boşqabları bir həmləyə çilik - çilik edən abırlı gəlinimizin və igid bəyimizin gərdək məsələsi isə nəslin bütün ağsaqqallarının və agbirçəklərinin diqqət mərkəzində olur "du" .
       " Restoran, kafe tikənin Allah evini yıxsın " Bəxt üzüyü filmində "yeyib " -içən oğlan Hüseynin arvadı belə deyirdi . Hec kimin evi yıxılmasın ,amma bu  Şadliq evləri  Azerbaycanın  "toy modeli" nə mütəşəkkil qaydada birbaşa təcavüz etdi . İndi toyda baş verənlər isə təxminən belədir :
          Dəvətnamə evə gələn gündən evin xanımı o beş -altı saata başqalarının arvadlarına necə acıq verməyin yollarını axtarır. Toyda hamı bir- birini süni şəkildə salamlayır .( Bəzi toylarda qonaqların zala sürü şəklində daxil olmasını təşkil etmək məqsədilə camaatı foyedə saxlayırlar.)  Səviyyəsi azaldıqca üzüklərinin sayı artan xanımlarımız bir - birinin ayyaqqabısının qiymətini elə oradaca dəqiqləşdirib , yanındakının qulağına pıçıldayır. Bərbad akustika, zövqsüz mahnılar,  yediyi salatlardan qarınlarında  əmələ gələn köp , ağız deyəni qulağın eşitməməsi insanların əsəblərini tarıma çəkir.  Vaxt gəlir çatır diskotekaya və bayaqdan ayağından daş asılan ağır xasiyyətli qızlarımız " Evli , mutlu , çocuklu " mahnısına böyük ürək yanğısı ilə və şücaətlə oynayırlar. Olmayan birliyimiz toylardakı Yallı reqsi ilə nümayiş olunur .  Sonra  " məclisə aş gəlir , xumar gözdən yaş gəlir ". Tort kəsilir , gəlin və bəy bir- birinin ağzına tort qoyur. Gül atılır, kimin boyu uzundu gülü tutur .Toya əlində disklərlə gələn "Şou Biznes " müğənnisi  5 - 10 min manatla toyu tərk edir.  Gərdək söhbəti isə yenə də öz aktuallığını qoruyub saxlayır. Yengəsi filan da öz yerində . ( Üzr istəyirəm  ).
     Bir neçə ay əvvəl bir video gördüm gözəl olub, olmadığı təbii ki  müqayisəlidir, amma fərqli olduğunu dana bilmərik .Daxil olub baxa bilərsiz . Bizim kreativliyimiz də bu qədərdi hələki ...

      http://www.youtube.com/watch?feature=player_detailpage&v=mDS-s_uozsg   


        P.S "Nece olur olsun toy olsun" deyib , pullarımızı oliqarxların neft pulları ilə tikdirdiklərı restoranlara , xoruz buraxan müğənnilərə paylayırıq . Fikir versəz hətta gəlinlərin zinət əşyaları belə bizə özümüz də bilmədən sırınır . Hamısı bir -birinin eynidir . İnsanların özəl günü kimlərinsə cibini doldurur. Gəlinlə bəyə heç bir xeyri , köməyi  olmur. Azərbaycanda Toy demek , "sənə bir toy tutaram... " deməkdən başqa bir şey deyil . Bunun günahı " Palaza bürün , el ilə sürün "deyən atalarda və ən böyük bəlamız olan Kapitalizmdədir .







суббота, 16 марта 2013 г.


"Möcüzəvi yumurta. "

    Azərbaycanda bildiyimiz kimi il ərzində üç bayram xüsusile qeyd olunur . Biri Yeni İl , ikincisi Novruz Bayramı və  "Gül bayramı ". Əslində bizim əsas, milli bayramımız 28 May Respublika Günü olmalıdır. Həmin gün bizim qürur günümüz , fəxr günümüz, böyük tarixi əhəmiyyəti olan bir gündür. Amma çox təəssüf ki, onsuz da haqqı olan dəyəri görməyən bu bayram  "Qul Bayramı" deyilən bu bayramla daha da kölgədə qaldı. Sırf Məmməd Əmin Rəsulzadənin adıyla bağlı olduğu üçün...
    İndi Novruz bayramı ərəfəsində olduğumuz üçün bu bayram haqqında , daha doğrusu onun atributları haqqında fikrimi paylaşmaq istədim. Belə ki, Novruz Bayramının əsas atribututlarından biri Səmənidir ki , buna söz yoxdur yaxşı atributdur.İndi Səməninin vasitəsilə də kasıbla varlının fərqi bilinir. Kapitalizmin dərdi birdi , ikidi ?
   Qarınqulu millət olduğumuz üçün şəkərbura , paxlava , qoğala da hələ səma cisimlərini simvolizə edirsə , pis atribut demək olmaz . Qoz- fındıq da öz yerində. Kimin qoz- fındığı çox olsa , o varlı sayılır bu bayramda. Qiymətləri nəzərə alsaq həqiqətən də elə varlı adamın qoz-fındığı böyük , daha doğrusu çox ola bilər. Reallığı hesaba qatmayan millətimin tonqaldan hoppanaraq bütün problemlərin keçən ildə qalacağına inanaraq tonqal qalayıb , attanmağı isə cox fantastik görsənir. İndi isə papaq məsələsinə keçək - əsrlərdən bəri " papaq kişinin qeyrətidir " , bütün günü eşşək kimi döyüb , at kimi çapdığı arvadının qonşu ilə qeybətinə hirslənib , "nacinsin qızı, papağımı yerə soxdun " deyib , arvadı Qüdrət demişkən şapartdıyan, evdə xoruz , çöldə fərə bəzi  kişilərimiz bu bayramda "qeyrət" deyə oğullarına aşıladıqları papağı kiminsə qapısına atıb, içinə qoz doldurulmasını təbliğ etməsində paradoks var ,deyilmi ? Mən şəxsən bu papaqatma məsələsini heç sevmirəm , çünki  "rifah içində " yaşayan millətin dilənçi kimi qapılara papaq atması biabırçı hərəkətdir. Bu adəti dərxal tərgitmək lazımdır. "Kreativ " olduğu qədər  "Konservativ" liyini də qoruyan millətim  fikirləşib , bu papaq məsələsini həll etməlidir. "Kreativ" liyimizi işə salıb papaq əvəzinə başqa bir şey atmaq lazımdı.Qeyd edim ki, keçmişdə papaq yox "qurşaq" atırlarmış. Belə çıxır ki , keçmiş kişilərin papaq sevgisi hər şeydən üstün olub , amma əminəm ki , bu elə "papaq sevgisi " ilə də səciyyələnib. Konservativ olub , bu papaq-qeyrət məsələsini mühafizə edək. Amma sələflərimiz kimi yalnız papağımızı sevməyək.
    Hələ qulaq falına çıxmağı demirəm . Bilmirsizki, başqasının söhbətinə qulaq asanı o dünyada qulağından asırlar ?!
    Dilənçi demişkən dilənçi lijimində gəzən keçəl- kosa atributundan danışaq. Geyimdə Avropanı belə tozda qoyan xalqın bayram simvolunun  belə yamaqlı şalvarla torbasını dalına atıb , dilənməsi bizi bir millət olaraq biabır eləməkdir. Bütün dünyada Şaxta Baba ,Noel Baba ,Santa Claus hədiyyə paylayır, bizimkilər " torbanı doldursana, kosanı yola salsana " deyir.  Peykimizin göyə uçmasına mahnı qoşduğumuz bir  vaxtda özü də ... Ümumiyyətlə bu keçəl -kosa artıq biabır vəziyyətə düşüb, bir yumurtanı da sındıra bilmirlər .
     Görsəydim bu feqirlərə bir məsləhət verərdim " Bu il o sınmayan möcüzəvi yumurtanı sındırın ,çıxın aradan bir baş Avropaya , bəlkə o yamaqlı şalvardan canınız qurtardı ".
    Yadımdan çıxmışdı,  bizim "Bahar qızı" mız rusların "Qar qızı" nı döyər .Özü də əlindəki məşəl ilə... Ona görə ki, Moskvaya alver eləməyə gedən erini nə evə pul göndərməyə qoymur , nə də ki , evə qayıtmağa imkan vermir. Belə...






четверг, 7 марта 2013 г.

"İdeal 8 Mart"
     Başlığa baxanda ele düşünülə bilər ki, ideal tərzdə 8 mart bayramının qeyd olunmasından söhbət gedəcək , amma mən dünən "İdeal"mağazasında  müşahidə etdiyim bir mənzərəni sizinlə paylaşmaq istədim. 
    Bildiyimiz kimi artıq bir neçə gündür ki, "İdeal" öz müştərilərinə endirim kampaniyası təqdim edib və demək olar ki, bütün Bakı əhli qadınlı -kişili , uşaqlı -böyüklü axışıb həmən bu mağazalara. Ümumiyyətlə bütün mağazalarda endirim kampaniyaları zamanı izdihamın şahidi oluruq ,amma mənim dünən müşahidə etdiyim izdiham çox iyrənc idi.
 Əlaqələndirməm qəribə olsa da, gördüyüm mənzərə mənə  çox təsirləndiyim fotolardan biri olan Somalidə susuzluqdan ,aclıqdan ölümlə üz -üzə olan körpələri əks etdirən bu fotonu xatırlatdı   : 
    
    

      Bax həmin bu mənzərə idi , amma bu dəfə əyni kürklü , vitrinin üstünə çiyələklə dolu torbasını qoyub , millətin içində çiyələk yeyən görməmiş  , etrsizlikdən əziyyət çəkən  " Ətir acları " gözə dəyirdi . Hamısı etirlərin iyinə baxmaq üçün yorğun düşmüş satıcılara bax  belə əllərini uzatmışdılar.
     Maraqlıdı niyə 8 martda hamı bir -birinə ətir verməlidir ? Niyə bu kütlə təfəkküründən qurtula bilmirik ? Niyə bizdə hər şey bayağıdır , simvolikdir  ?  Bir il evdə xanımına olmazın əziyyət verən kişilərimiz , siz  8 Martda İdealdan aldığınız hədiyyələrlə  xanımlarınızın  ürəyini ala bilirsizsə , deməli "qəhrəmansız" . Gözəl xanımlarımız , ömür boyu  hüquqlarınızı tapdalayan sizə əziyyət verən kişiləri bir "İdeal " hədiyyəsi ilə bağışlaya bilirsizsə ,"əhsən " sizə.
      Bir  xanım qohumum var həyat yoldaşının verdiyi əziyyətlərə dözməyib , ayrılıb. Amma indi də " o mənimçün 8 martda yaxşı podarkalar alırdı " deyir. Sanki  o hədiyyələrə görə yenə həmin gün - güzərana dözməyə hazırdı . Öz hüquqlarımızı  bir ətrə qurban verə bilirik bəzən .
      Bunun səbəbləri də bir çoxumuza  məlumdur . Ölkədə bu qədər qadın təşkilatlarının olmasına baxmayaraq , sosial təminat deyilən bir anlayış yox səviyyəsindədir . Təbii istisnalar da var , ailəsinə sadiq , yaxşı ailə başçıları da var , amma reallıq budur məncə... 
      Beləki  , tarix boyu 8 mart nümayişlərinin əsas şüarları  "Çörək və Gül " , " Gül və Sülh " və ümumiyyətlə qadın hüquqlarının müdafiəsi olub.Hələ yadıma gəlmir ki, 8 Mart günü Azərbaycan qadınları hər hansı bir nümayiş etsin . Yoxsa bizim qadınların hüquqları heç vaxt pozulmur ? Əslində hər gün pozulur , amma biz bundan xəbərsiz oluruq . Atalar deyib ,"Bilməmək can rahatlığıdır"  bilib , qanini qaraltmaqdansa, mübarizə aparmaqdansa , bilmiyib , rahat ərinin ildə bir-iki dəfə aldığı ətrlə ətrlənib , sonra nöyüt iyi verincə döyülüb , xarabanda oturmaq yaxşıdır. Çünki , bizdə boşanana pis baxırlar , küçədə səni müxtəlif yollarla təhqir edən əks cinsin nümayəndəsinə  sözünü deyəndə həmcinslərin " necə də həyasız qızdı ", " yaxşı qiz cavab verməz , başını salar aşağı " deyirlər.  Yəni bacardığın qədər "susmalısan".  O , Azad Qadına da demək lazımdı çadrasını örtsün başına. Abır - həya yaxşı şeydi.  

     P.S Nə qədər İdealdan  ətirlər alsaq da çox vaxt metroda , marşrutda (üzr istəyirəm) tər qoxusundan burun tutulur . 





вторник, 5 марта 2013 г.


Hərənin öz faciəsi . 
    Elə insan yoxdur ki, tarixi faciələrin ildönümlərində kiməsə
bunun xatırlatmasını edənde "öz dərdim özümə bəsdi " ,
"Qarabağın dərdi mənə qalib ? " kimi cavablarla qarşılaşmasın . Bu
həmişə bizə təəccüblü görünür. Ötən günlərdə Nərmin Nöqte
Tedx. Bakıda "Sərhədlər" adlı çıxışında 20 yanvar gecesi atasının
təzə aldığı ayyaqqabının bir tayını itirən gəncin hekayəsini danışdı.
Gənc səhərə yaxın güllələrin altından canını qurtarıb , evə girən
kimi atasına baş verən faciəni danışmaq istəyərkən atasının "bəs
ayaqqabının tayı hanı ?" sualı ilə qarşılaşır və evdən çıxır ,
ayyaqabının tayını yerə tökülən qərənfillərin altindan tapır , ayağına
geyinir. Bununla da bu ailənin "ayyaqqabı faciəsi " sovuşur.
      Həqiqətən də hərənin öz faciəsi var həyatda- kimininki
qarderobdakı cırıq palto , kimininki ayyaqabı dolabındaki su
buraxan ayyaqqabı , kimininki boş soyuducu və uşaqlarının üzünə
baxa bilməyən valideynin faciəsi . Belə insanların qlobal faciələrlə işi
olmur cox vaxt, onlarin öz faciələri olur . Onlardan başqa reaksiya
gözləmək olmaz , onlarla razılaşmasaq da , anlamasaq da
qınamağa tələsməyək , çünki sevgi hissini öldürən itirilmiş
məhəbbət , mərhəmət hissini öldürən bir zaman qarşılaşdığı
qəddarlıq , duyarlılıq hissini öldürən laqeydlik var . Bu səbəblər
yaradılıb və bunlarla razılaşmaq da eyni qaydada insanlara
aşılanıb. Hamı öz aləmində duyarlıdı , mərhəmətlidi , amma öz
aləmində ...
     Çox az , hətta yox dərəcəsində insanlar var ki, həmin
problemlərin , "faciə" lərin təsəllisini kitab rəflərində axtarır .Və nə
xoşbəxt insandı o şəxs ki , sırf sevgi hissini , mərhəmət hissini ,
duyarlılıq hissini itirməmək üçün o kitablardan sözün əsl mənasında
İNSAN olmağı öyrənə bilir.
Bəlkə də yanılıram əslində , həyat elə yaşanaraq öyrənilən bir
kitabdır... İNSAN lıq isə öyrənməklə deyil...
       P.S Aclıqdan qarnı quruldayan insanların ətrafında baş
verən olumsuzluqlara laqeyd yanaşmalarını , "günü gündən
çiçəklənən" dövlətimizdən diqqətsizlik gördükləri üçün başa düşmək
olar. Bəs qarnını millətin haqqını yeməklə şişirdən , oturduğu
kresloda oturma yerlerini enlədənləri, məşuqələrinin , arvadlarının,
uşaqlarını ( Güləri nəzərə alsaq erlərini də demək olar) haramla
qazandıqları pullarla qudurdanları , bir -iki ölmüş qohumuna ehsan
verməklə günahlarından təmizləndiklərini düşünen dini imanı pul                                                                olanları necə başa düşək ?Axı onlar keflərindən belə laqeyd
davranırlar , üstəlik saxtakarcasına timsah gözyaşları tökürlər ki ,
bu o birilərdən daha betərdi. Onları anlamaq yox , onlara bir
əncam çəkmək lazımdır. Axı onların da öz faciələrini yaşamağa
haqqları var.
H