среда, 8 мая 2013 г.

Şuşanı görmədim.

    Mən Şuşanı görməmişəm, amma insan görmədiyi , doğulmadığı , havasını udmadığı , suyunu içmədiyi torpağı da sevə bilər.Necə ki, heç görmədiyin bir xəstə üçün üzülürsən , necə ki, tanımadığın birinin ac , susuz olduğunu biləndə , boğazından su belə keçmir.
     Bax , bu məğrur , gözəlliyi ilə bütün çirkinliklərə meydan oxuyan Şuşaya "yazıq donu " geyindirmək bizim kimi yazıqlara yaraşardı və biz bu yazıqlığı özümüzə yaraşdırdıq. Biz öz  "yazıq donu"muzu "soyunub" , Şuşaya "geyindirdik". Onu bir yaralı canlını sevdiyimiz kimi sevdik . Acizcəsinə , çarəsizcəsinə...
     Şuşanin işğalı günü , düz iyirmi bir il bundan əvvəl , mənim yeddi yaşım var idi . İki gün əvvəl atam dedi ki , "Şuşa da getdi ". Heç kim inanmadı , ya da inanmaq istəmədik . Iki gün sonra biz atamın dostunun oğlunun ad günündə idik. Hər il bu bir ənənə kimi davam edirdi . Biz hər il 8 May günü Fuadın ad günündə olurduq. Amma bu gündən sonra biz bir də o ad günündə toplaşmadıq .
      Və Şuşanın Işğalı rəsmi açıqlandığı an məclisə bir sükut çökdü . Hamının keyfi pozuldu . Boğazlar qəhərləndi .Şuşaya təcavüz olundu , Şuşa zorlandı , Şuşa ləkələndi . Təcavüz olunan qız kimi ... Nə intiqamı alındı, nə cinayətkar cəzasını çəkdi , nə də intihar edə bildi . Bizim alnımızın ləkəsi oldu .Bizim kimi ləkəli yaşamağa məhkum oldu . Qisasını ala bilmədiyimiz ləkə ...
      Kişilər elə həmin gündən , həmin ad günü masasından  "Şuşanın Işğalının şərəfinə" içməyə başladılar.  Bəli bu cümlədə sarkazm var . Çünki , biz düz iyirmi bir ildi "Şuşanın Işğalının şərəfinə " içirik.
     Şuşa bizi " yandırır" ...  Amma maketini düzəldib , Ulu Öndərə  hədiyyə verəcək dərəcədə... 

воскресенье, 5 мая 2013 г.

"Ağıllı -dəli " .

   Hər məhəllənin bir dəlisi olur deyirlər. Bizim məhəllənin də dəli deməyə dilim gəlmir, əqli çatışmazlığı olan bir sakini var . Onun adı Anardı , amma hamı ona Anuş deyir. Anuşun maraq dairəsi onun dərrakəsinə uyğun olaraq qıtdı. Məhəllədə kimi görür belə bir sual verir : " Sən bilərsən , Aynali Tahir kinosu var idiye onu nöş kəsdilər ? Ala əntiqə kino idiye içində Ebru Gündeş də var idi " ; " Süzdə Tatlısəs kaset var ? " Anuş köhnə video kasetlərinə Tatlısəs kaset , CD və DVD disklərə isə "diksi" deyir .
   Bir dəfə mənə  rast gəldi və " Günel, eşşək kimi yeyirik , zibili də mənə atdırırlar " dedi . Və onun "porno diksilər"ə  marağı bütün məhəllənin gülüş obyektinə çevrilib. Guya özləri heç baxmır . Bunları bura yazmağımın səbəbi Anuşu sizə tanıtdırmaq deyil təbii ki ...
    Deməli , özünü Anuşdan fərqli hesab edən bəzi insanların da maraq dairəsi elə Anuşun maraq dairəsinə bənzərdi .Bizim bəzi gənclərimiz də "Aynalı Tahir" tipli türk seriallarına baxmırmı ? Ən yaxşı halda Ebru Gündeşə qulaq asmırmı ? 90 -cı illərdə demək olar ki , hamının evində İbrahim Talısəsin filmlərinin , kliplərinin video kasetləri yox idimi ? Əlinə imkan düşən kimi porno izləmək həvəsinə düşmürlərmi ? Bizim yemək mədəniyyətimiz elə Anuş deyən kimi deyilmi  ..?
     Bəzilərimizi Anuşdan fərqləndirən sadəcə bunları gizlətmək bacarığıdı. Anuş özü də bilmədən , dərk etmədən öz "Aynali Tahir"i ilə , Ebru Gündeşi ilə "Tatlısəs kaset " i ilə  bizim  bəzi gənclərin sırasına qoşula  bilib.
     P.S Amma Anuş bizim " ağıllılar" ımızdan fərqli olaraq Üzeyir Mehdizadəni  tanımır . İndi adam çaş -baş qalır ki ,  görəsən "ağıllı" olduğu üçün tanımır , ya "dəli " olduğu üçün ..?