воскресенье, 17 марта 2013 г.

"Xalqımın toy kimi bir adəti var . "
                                                  ("Bəyin oğurlanması" filmindən.)

     Bütün xalqların toy kimi bir adəti olur . Əsas o toylardakı adətlərdir. Belə bir deyim var: " Bir var yaxşı kino , bir var pis kino , bir de var Azərbaycan kinosu " (müəllifi yadımda deyil ). Bu deyimi elə bizim toylarımıza da şamil etmək olar . Yaxşı toy - mənimçün bir dəfə uşaq vaxtı olduğum ukrain toyudu heleki    , pis toy isə türk toyu . Öz toylarımız haqqında isə yaşımın verdiyi imkan daxilində gördüklərimi deyə bilərəm. Beləki , bizdə bir oğlanın evlənmə prosesinin xronoloji ardıcıllığı təxminən belə olur :
     1. Filankəsin oğlu evlənmək istəyir deyə nəsildə səs çıxır . Nəslin bütün qaş almayan ismətli qızları "dayanır startda ". Oğlana bir -bir qızların şəkilləri göstərilir və bu "mərasim"ə Qız bəyənmə  deyilir .Sonra xəbər göndərmə,kiçik elçilik , böyük elçilik , kiçik nişan , böyük nişan ( nəhayət oğlan qızı həyatda görür ) bayramlıq ... xınayaxdı , toy axşamı və toy .
      90 cı illərdə yadıma gəlir əsasən rayon toylarında təqribən bir ay əvvəl bilinirdi ki , kiminsə həyətində toy olacaq . Darvazaya böyük bir qırmızı şal vururdular , qapı səhərdən axşama kimi açıq olurdu ,toy yiyəsi bütün mehriban olan qohumlarla məsləhət edirdi. Toy axşamı kişilər cız-bız yeyib , qumar oynayırdılar. Əri qumarda uduzan arvadların da əsəbdən sifətləri pörtürdü. Toy günü birinci iş xalçanin üstünə pambıqla "Toyunuz Mübarək !" yazmaq və  gəlini gətirib, öz bəzəkli otağında otuzdurmaq idi. Hərə öz imkanı daxilində "bərk gedən müğənni" gətirirdi . Bəyin atasından , yaxın qohumlardan " qazanaçdı xələti " , " çay süzdü xələti " alınırdı və yemək - içmək başlayırdı. Gəlinin bütün refiqələri bəyin əsəbi hopstop oynayan, min bir əziyyətlə qazandığı pulları şabaş eləməklə özünü göstərən  dostlarına pencərədən , nə bilim mağarın deşiyindən baxıb, köks ötürürdülər. Gecə bəyi sağdışı , soldışı ilə bir yerdə mağarın  düz ortasında otuzdurub Bəy Tərifi edirdilər. Qohum arvadları bəyin boynunu "çarşamba pazarı" na çevirirdilər . Fəndgir müğənni də toyda məmə deyəndən pəpə deyənə hamıdan xələt istəyirdi .
           " Kolun dibindən çıxdı donuz potası , gəlsin xələt versin bəyin atası . " ( Olmuş söhbətdi .) Və ən nəhayət dava ...
       Qapıdan girəndə ayağının altındakı boşqabları bir həmləyə çilik - çilik edən abırlı gəlinimizin və igid bəyimizin gərdək məsələsi isə nəslin bütün ağsaqqallarının və agbirçəklərinin diqqət mərkəzində olur "du" .
       " Restoran, kafe tikənin Allah evini yıxsın " Bəxt üzüyü filmində "yeyib " -içən oğlan Hüseynin arvadı belə deyirdi . Hec kimin evi yıxılmasın ,amma bu  Şadliq evləri  Azerbaycanın  "toy modeli" nə mütəşəkkil qaydada birbaşa təcavüz etdi . İndi toyda baş verənlər isə təxminən belədir :
          Dəvətnamə evə gələn gündən evin xanımı o beş -altı saata başqalarının arvadlarına necə acıq verməyin yollarını axtarır. Toyda hamı bir- birini süni şəkildə salamlayır .( Bəzi toylarda qonaqların zala sürü şəklində daxil olmasını təşkil etmək məqsədilə camaatı foyedə saxlayırlar.)  Səviyyəsi azaldıqca üzüklərinin sayı artan xanımlarımız bir - birinin ayyaqqabısının qiymətini elə oradaca dəqiqləşdirib , yanındakının qulağına pıçıldayır. Bərbad akustika, zövqsüz mahnılar,  yediyi salatlardan qarınlarında  əmələ gələn köp , ağız deyəni qulağın eşitməməsi insanların əsəblərini tarıma çəkir.  Vaxt gəlir çatır diskotekaya və bayaqdan ayağından daş asılan ağır xasiyyətli qızlarımız " Evli , mutlu , çocuklu " mahnısına böyük ürək yanğısı ilə və şücaətlə oynayırlar. Olmayan birliyimiz toylardakı Yallı reqsi ilə nümayiş olunur .  Sonra  " məclisə aş gəlir , xumar gözdən yaş gəlir ". Tort kəsilir , gəlin və bəy bir- birinin ağzına tort qoyur. Gül atılır, kimin boyu uzundu gülü tutur .Toya əlində disklərlə gələn "Şou Biznes " müğənnisi  5 - 10 min manatla toyu tərk edir.  Gərdək söhbəti isə yenə də öz aktuallığını qoruyub saxlayır. Yengəsi filan da öz yerində . ( Üzr istəyirəm  ).
     Bir neçə ay əvvəl bir video gördüm gözəl olub, olmadığı təbii ki  müqayisəlidir, amma fərqli olduğunu dana bilmərik .Daxil olub baxa bilərsiz . Bizim kreativliyimiz də bu qədərdi hələki ...

      http://www.youtube.com/watch?feature=player_detailpage&v=mDS-s_uozsg   


        P.S "Nece olur olsun toy olsun" deyib , pullarımızı oliqarxların neft pulları ilə tikdirdiklərı restoranlara , xoruz buraxan müğənnilərə paylayırıq . Fikir versəz hətta gəlinlərin zinət əşyaları belə bizə özümüz də bilmədən sırınır . Hamısı bir -birinin eynidir . İnsanların özəl günü kimlərinsə cibini doldurur. Gəlinlə bəyə heç bir xeyri , köməyi  olmur. Azərbaycanda Toy demek , "sənə bir toy tutaram... " deməkdən başqa bir şey deyil . Bunun günahı " Palaza bürün , el ilə sürün "deyən atalarda və ən böyük bəlamız olan Kapitalizmdədir .







Комментариев нет:

Отправить комментарий